Bloq Arxivləri

Azərbaycanda turizmin inkişafı

 

Azərbaycan Respublikası özünəməxsus coğrafi zənginliklərə malikdir. Onun təbiətinin əzəmətliliyi, landşaftının nadir tipləri, ayrı–ayrı guşələrinin təkrarolunmaz gözəlliyi ekoturizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar açır.
Quba–Xaçmaz rayonunun həm düzən (mənzərəli meşələri, gözəl çimərlikləri olan sahil zonası), həm də dağlıq hissəsində ekoturizmin su turizmi, təbiətdə ov, dağ – piyada turizm, rekreasiya, mədəni-etnik turizm növlərini inkişaf etdirmək olar.
Şəki–Zaqatala rayonunda coğrafi şəraitin müxtəlifliyi turizmin müxtəlif, o cümlədən ekoloji (dağ-payada, macəra, rekreasiya, dərketmə) növlərini inkişaf etdirməyə imkan verir. Rayonun iqlim şəraiti maydan oktyabradək olan müddətdə dağətəyi zonada avtomobil, piyada və su turizm marşrutları üçün əlverişli dövrdür. Təbii landşaftlar, mənzərəli meşələr, subalp və alp çəmənləri, zəngin heyvanat aləmi, çaylar və mineral bulaqlar, şəlalələr rayonun toxunulmamış ərazilərinə turistləri cəlb edir. Zaqatala qoruğunda flora və fauna ilə tanış olmaq imkanı var. Bu ərazilərə təbiət turlarının mütəşəkkil təşkili məqsədəuyğun olardı.
Gəncə – Qazax iqtisadi rayonunun təbii coğrafi şəraiti, inkişaf etmiş sənayesi və kənd təsərrüfatı, eləcə də görməli yerləri və ekskursiya obyektləri burada turizm fəaliyyətinin bütün növlərini inkişaf etdirməyə imkan verir. Rayonun dağlıq hissəsi zəngin təbii landşaftlara, mənzərəli dağ meşələri və çəmənlərə, dağ çayları və göl-lərinə, mineral bulaqlara malikdir. Göy – göl, Maralgöl və s. dağ gölləri fıstıq və şam ağacı meşələrində yerləşir. Kəpəzin ətəyində olan bu ərazi yerli və əcnəbi turistlər arasında da məşhurdur. Landşaftların müxtəlifliyi və gözəlliyinə görə bu rayon Azərbaycanda təkrarsızdır. Bütün bu imkanlardan istifadə edərək təbiət turizmini inkişaf etdirmək olar.
Lənkəran – Astara rayonunda Lənkəran ovalığı və onu əhatə edən orta dağlıq ərazi çox mənzərəlidir. Buranı Azərbaycanın Rivyerası da adlandırırlar. Burada kənd turizmini, rayonun Xəzər dənizi sahillərində su turizmini, Hirkan və Qızılağac qoruq-larında foto-ovçuluq turizmini inkişaf etdirmək olar. Talış dağları çətin keçilən, bəzi yerlərdə isə sıldırım yamaclıdır. Lakin Talış dağlarının sarmaşıqlarla sarılmış meşələrinə ekoloji turlar təşkil etməklə, həmin yerlərin landşaftının gözəlliyinə şahid olmaq mümkündür.
Şirvan rayonunda, Pirqulu, Çuxuryurd, Lahıc, Baskal və digər yerlərdə ekoturizm fəaliyyəti üçün əlverişli təbii imkanlar vardır. Mənzərəli təbii landşaftları, dağ meşələri, mineral sular və digər rekreasiya ehtiyatları ilə zəngin olan bu rayon ekoturizmin bəzi növləri (təbiət, kənd, dərketmə turizmi) üçün perspektivli sayılır. Rayonda maraqlı ekoturlar təşkil etmək imkanı var. Şamaxı, Lahıc, İsmayıllı, Şirvan milli parkı belə ərazilərdəndir.

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 26 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: